Bu gün “Şəfa” İdman-Sağlamlıq Kompleksinin ərazisində yerləşən “İnter” kafesində “İnter” Azarkeş Klubunun təşkilatşılığı və İnter” Peşəkar İdman Klubunun dəstəyilə 2 fevral Gənclər Gününə və Azarkeş Klubun yenilənmiş saytının təqdimatına həsr olunmuş tədbir keçirildi.
“İnter” Azarkeş Klubunun prezidenti Ruslan Muradov 2 Fevral Gənclər Gününün Azərbaycanda geniş qeyd olunduğunu bildirməklə yanaşı, rəhbərlik etdiyi klubun fəaliyyətindən və tarixindən bəhs etdi. Azarkeş Klubunun vitse-prezidenti Elçin Həsənov isə klubun yenilənmiş saytı barədə ətraflı məlumat verdi.
Sonra söz “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolova verildi. Cənab Nikolov saytın fəaliyyətə başlaması münasibətilə Azarkeş Klubunun üzvlərini təbrik etdi və fəaliyyətlərində uğurlar arzuladı. AFFA-nın Futbol Akademiyasının rəhbəri Elnur Məmmədov belə bir saytın təqdimat mərasiminin 2 Fevral Gənclər Gününün qeyd olunması ərəfəsində keçirilməsini yüksək qiymətləndirdi və “İnter” Azarkeş Klubunun üzvlərinə fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Peşəkar Futbol Liqasının (PFL) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə əmin olduğunu bildirdi ki, “İnter” Azarkeş Klubunun istifadəyə verilmiş yeni saytı rəğbətindən asılı olmayaraq, hər bir azarkeşin məlumat alması baxımından böyük rol oynayacaq və ölkədə futbolun təbliği işinə öz töhfəsini verəcək.
Mərasimdə “Neftçi”, “Qarabağ” və “Xəmsə” Azarkeş Klublarının rəhbər və üzvləri də iştirak edirdilər.
əlavə edilmə : 01 / 02 / 2010
oxunma sayısı : 234
|